Azərbaycanda nigah müqaviləsi: əmlak hüquqlarının tənzimlənməsi, yoxsa boşanmaya hazırlıq?

Bill Qeytsin nigah müqaviləsində ona ildə bir dəfə xəyanət hüququ verildiyi, bu limiti aşdığı halda isə həyat yoldaşına 20 milyon dollar, üstəlik hər bir uşaq üçün əlavə 10 milyon dollar ödəməli olduğu qeyd olunub.

Qay Riçinin nigah müqaviləsində isə həyat yoldaşı Madonna ilə birlikdə mənəvi inkişaf kitabları oxumaq öhdəliyi vardı və mübahisə zamanı hətta haqlı olsa belə, günahı öz üzərinə götürməli idi. Azərbaycanda isə bu kimi şərtlər nigah müqaviləsinə daxil edilə bilməz, çünki qanun həyat yoldaşları arasında qeyri-əmlak münasibətlərinin müqavilə yolu ilə tənzimlənməsini qadağan edir. Bəs nə üçün bizdə ailə münasibətlərinin mənəvi-etik tərəfi hüquqi şəkildə tənzimlənmir? Bu sual hələ də açıq qalır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nigah müqaviləsi ailə qurmağa hazırlaşan şəxslər arasında bağlanan, ər-arvadın əmlak hüquq və öhdəliklərini nikah dövründə və nikahın pozulması zamanı müəyyən edən müqavilədir.

Media.Az-ın məlumatına görə, Ədliyyə Nazirliyi ölkədə belə müqavilələrə marağın artdığını bildirir. Hər il təxminən 150–200 nigah müqaviləsi notarial qaydada təsdiqlənir və əsasən 25–35 yaş arası cütlüklər arasında daha çox yayılıb.

Aparılan sorğular da ümumi pozitiv münasibəti ortaya qoyur: respondentlərin təxminən 65%-i nigah müqaviləsini vacib hesab edir və ya evlənərkən imzalamağa hazır olduğunu bildirir. Lakin Azərbaycan Notariat Palatasının məlumatına əsasən, müqavilələrin əksəriyyəti yalnız əmlak məsələlərinin tənzimlənməsi ilə məhdudlaşır. Cütlüklər daha çox nikah dövründə əldə olunan əmlakın bölünməsini istisna etməyə çalışır.

Vəkil Qasım Şəliyev Media.Az-a açıqlamasında, praktikasında nigah müqavilələrinə çox az rast gəldiyini bildirib:
“Bu, mentalitetlə bağlıdır. İnsanlar tez-tez ‘biz boşanmaq üçün evlənmirik’ deyə etiraz edirlər. Amma qanunvericiliyimizə görə, müqaviləni həm nikahdan əvvəl, həm də nikah dövründə bağlamaq mümkündür”, — deyə o bildirib.

Ekspert bildirib ki, bu müqavilələrin təşəbbüskarı adətən sahibkarlar olur. Bəzən isə ailə biznesi olan valideynlər, övladlarının evliliyi zamanı əmlak məsələlərinin əvvəlcədən tənzimlənməsində maraqlı olurlar.

"Yaxınlarda ikinci dəfə evlənən bir sahibkar üçün müqavilə hazırladım. O, nikahdan əvvəl mütləq buna ehtiyac olduğunu bildirdi. Gələcək həyat yoldaşı əvvəlcə emosional reaksiya verdi, amma sonra razılaşdı.”

Vəkil əlavə edib ki, bəzən müqavilə borclardan qorunmaq üçün də bağlanır:
“Məsələn, əgər kişinin borcları varsa və əmlak qadının adına rəsmiləşdirilibsə, nigah müqaviləsi bu məsuliyyətin necə bölünəcəyini müəyyən edə bilər. Praktika göstərir ki, bu cür müqavilələr tərəfləri digərinin maliyyə öhdəliklərindən qorumaqda çox faydalıdır.”

Nigah müqaviləsi etibarsız sayıla bilər, çünki bu da digər vətəndaş-hüquqi müqavilələr kimi Mülki Məcəllədə nəzərdə tutulan ümumi əsaslarla mübahisələndirilə bilər. Notarial qaydada təsdiq olunmayan sazişlər məhkəmədə etibarsız elan edilə bilər. Müqavilə, əgər qanuna ziddirsə və ya tərəflərdən birinin hüquqlarını pozursa, qüvvədən düşür. Məsələn:

  • uşağa alimentdən imtina,
  • uşağa görüşlərin şərtlərə bağlanması,
  • uşağın ölkədən çıxış hüququnun məhdudlaşdırılması
    kiminləyin.

Ekspert düzgün tərtibat üçün mütləq peşəkar hüquqşünaslara müraciət etməyi tövsiyə edir.

Ədliyyə Nazirliyinin məlumatına görə, nigah müqaviləsinin hazırlanması bir iş günü çəkir. Lazım olan sənədlər: tərəflərin şəxsiyyət vəsiqələri, nikah haqqında şəhadətnamə (nikah artıq rəsmiləşibsə) və müqavilə layihəsi (əgər əvvəlcədən hazırlanıbsa). Notariusun təsdiqi 40 manatdan çox deyil. Hüquqi xidmətin qiyməti isə işin həcmi və risklərin qiymətləndirilməsinə görə dəyişir.

Ekspertlər hesab edirlər ki, Azərbaycanda nigah müqaviləsi mədəniyyətini inkişaf etdirmək lazımdır. Bunun üçün mövzunun KİV-də daha çox işıqlandırılması, müqavilənin boşanmaya hazırlıq yox, münasibətlərin sağlam tənzimlənməsi vasitəsi kimi təqdim olunması vacibdir. QHT və ictimai təşkilatların maarifləndirici layihələri də bu sahədə mühüm rol oynaya bilər.

Mələk Novruzova

https://media.az/society/brachnyj-dogovor-v-azerbajdzhane-regulirovanie-imushestvennyh-prav-ili-podgotovka-k-razvodu?fbclid=IwY2xjawOGZ0RleHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyCGNhbGxzaXRlAjMwAAEegnWEprAEJPNAU5QqUmBews_tWcD3xua7pEwYRkaskgmIUwjkbuv1cyF8y6w_aem_ao8GBTe-H_7YueVWF_JvVw